Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • Azərbaycan qəhrəmanları. Virtual bələdçi layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • Mədəni irsimiz rəqəmsal dünyada layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  • Elektron xidmətlər və problemlər
  •  
     
     
     

     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    İslam ölkələri jurnalistləri bir arada
    Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının Konfransı keçirildi. Konfransa yerli və xarici media orqanlarının nümayəndələri, baş redaktorlar qatılıb. Konfransı  giriş nitqi  ilə açan İƏT-ə Üzv Dövlətlərin Jurnalist Assosiasiyasının sədri Fazil Abbasov bildirib ki, dünyada xeyli sayda jurnalist birlikləri yaradılıb. Təəssüf ki, bu birliklər məqsədli yaradılıb və onları yaradanlara xidmət edir. F.Abbasovun fikrincə, nəticədə bundan İslam ölkələri ziyan çəkir: İslam ölkələri media qurumu yox dərəcəsindədir. O əlavə edib ki, təriqətlərarası münaqişələri kənara qoymalıyıq: Əgər bunu etməsək bizi Ərəb ölkələrindəki münaqişələr gözləyir. Ümid edirəm ki, gələcəkdə öz köməyinizi bu böyük işin qurulmasında əsirgəməyəcəksiniz.
    Daha sonra çıxış edən Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü İslam aləmində davamlı sülhün və təhlükəsizliyin təmin olunmasına maneə yaradır. Onun sözlərinə görə, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin jurnalistlərini birləşdirəcək və informasiya sahəsində vahid platforma kimi çıxış edəcək qurumun yaradılması, artıq bir neçə ildir ki, ən müxtəlif səviyyələrdə müzakirə olunur: Sevindirici haldır ki, artıq bu təşəbbüs reallaşdırılması üçün praktiki addımlar atılır və qarşıdan gələn dövrdə onun həm də İslam Əməkdaşlıq Təşkilatı tərəfindən ciddi şəkildə dəstəklənəcəyinə ümid edirik. Beynəlxalq münasibətlər sistemində xüsusi çəkiyə malik olan İslam Əməkdaşlıq Təşkilatı müsəlman ölkələrinin uğurlu birlik modeli kimi artıq özünü təsdiq etmiş, üzv dövlətlər arasında qarşılıqlı faydalı əlaqələrin, siyasi, iqtisadi və mədəni əməkdaşlığın genişlənməsinə, İslam həmrəyliyinin güclənməsinə və xalqlarımızın mənafelərinin qorunması işinə mühüm töhfələr vermişdir. İƏT həm də ölkələrimzi narahat edən mürəkkəb qlobal və geosiyasi prosesləri, mövcud problemləri müzakirə etmək, çıxış yolları axtarmaq, müşahidə olunan təhdid və təzyiqlərə qarşı vahid mövqe formalaşdırmaq üçün olduqca vacib platformadır. Təqdirəlayiq hal kimi qeyd edilməlidir ki, bu sahədə kifayət qədər böyük təcrübə toplanılıb. 
    Ə.Həsənov vurğulayıb ki, hazırda dünyada, o cümlədən bir çox müsəlman ölkəsində sabitliyə zərbə vuran müxtəlif neqativ proseslər, digər tərəfdən isə barışığı, sülh və əmin-amanlığı təcəssüm etdirən İslam dini haqqında yanlış rəy formalaşdırmaq cəhdləri bizi narahat etməyə bilməz: Bütün ərəb dünyasını sarsıdan siyasi hadisələr, o cümlədən Fələstin xalqının milli müstəqillik uğrunda mübarizəsi, Suriyada hərbi əməliyyatlar, Ermənistanın Azərbaycana hərbi təcavüzü və Dağlıq Qarabağ münaqişəsi, digər bu kimi problemlər İslam aləmində davamlı sülhün və təhlükəsizliyin təmin olunmasına, stabil inkişafa maneə yaradan, habelə səylərimizin vahid məqsəd uğrunda səfərbər edilməsini zərurətə çevirən ciddi faktorlardır. Təəssüflə qeyd etməliyik ki, Qərbin islamofob dairələri və transmilli mediası müsəlman dünyasında baş verən hadisələri, prosesləri birtərəfli və əsasən qərəzli formada təqdim edirlər. Nəticə etibarilə maddi və mənəvi zənginliyə malik olan müsəlman ölkələri, tolerant və multikultural xarakteri ilə seçilən müsəlman xalqları, həm də sülh və barışıq dini olan İslam dini haqqında beynəlxalq ictimaiyyətdə qeyri-obyektiv və yanlış təsəvvür yaradılır. İslamı terrorla eyniləşdirmək, hər bir müsəlmanı potensial terrorçu obrazında təqdim etmək, İslam dəyərlərini ümumbəşəri dəyərlərdən ayıraraq yad və zərərli element kimi qələmə vermək cəhdləri haqlı olaraq bütün İslam aləmində ciddi etirazlar doğurur. 
    Prezident köməkçisi bildirib ki, 20 ildən artıqdır ki, Ermənistan Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycan ərazisinin 20 faizini işğal etmişdir: Azərbaycanın tarixi torpaqlarında bütün infrastrukturla yanaşı, milli, mədəni və dini abidələr, məscidlər də dağıdılmışdır. Həmin ərazilərin işğaldan azad olunması ilə bağlı BMT, ATƏT, Avropa Şurası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən müvafiq qərar və qətnamələr qəbul edilmişdir. Təəssüf ki, bütün bunların konkret nəticəsi olmamışdır. Ermənistan nəinki beynəlxalq qanunları, nüfuzlu təşkilatların qərarlarını qulaq ardına vurur, həmçinin öz haqsız mövqeyini əsaslandırmaq üçün işğalçı siyasətinə dini rəng verərək İslam dəyərlərini gözdən salmağa, xristian həmrəyliyi faktorundan, Qərbin islamofob dairələrinin, aparıcı media resurslarının imkanlarından yararlanmağa çalışır və bəzi hallarda buna nail olur. Əminliklə demək olar ki, oxşar problemləri olan digər müsəlman ölkələr də mütəmadi olaraq belə hallarla rastlaşırlar. Bu faktlar islam həmrəyliyinin gücləndirilməsi ilə yanaşı, informasiya sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsinə böyük ehtiyac olduğunu əyani şəkildə təsdiq edir.
    Vahid informasiya məkanının, transmilli medianın mövcud olduğu müasir dövrdə informasiya mübadiləsi dövlətlərarası əlaqələrin inkişafında mühüm amilə çevrilmiş, beynəlxalq ictimai fikrin formalaşması və ifadə olunmasını təmin edən təsirli vasitə olmuşdur. Odur ki, çevik informasiya siyasətinin formalaşdırılması, qlobal şəbəkədə tələb olunan fəaliyyət prioritetlərinin müəyyənləşdirilməsi, ölkələrin informasiya təhlükəsizliyinin təmin edilməsi hər bir dövlət, o cümlədən islam ölkələri üçün mühüm əhəmiyyət kəsb edən məsələlərdir.
    Ə.Həsənov 2012-ci ildə Qabonun paytaxtı Libervill şəhərində, 2014-cü ildə isə Tehranda İran İslam Respublikasının paytaxtı Tehranda İƏT-ə üzv ölkələrin informasiya nazirlərinin 9-cu və 10-cu toplantılarında informasiya sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə ciddi qərarlar qəbul edildiyini bildirib: Hesab edirik ki, İslam ölkələrinin informasiya vasitələrində obyektivliyin və həmrəyliyin təmin edilməsi, bu məqsədlə KİV-lərin fəaliyyətinin əlaqələndirilməsi, birgə media təsisatlarının yaradılması və onların məqsədyönlü fəaliyyətinin təşkili, müsəlman dünyasının maraqları naminə dünyanın aparıcı KİV-ləri ilə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, aktual mövzularla bağlı forum və konfransların təşkili və digər bu kimi tədbirlər hazırda öz aktuallığını getdikcə artırır. İKT-yə üzv ölkələrin KİV-ləri arasında obyektiv informasiya mübadiləsinin genişləndirilməsi, virtual dünya məkanında birgə fəaliyyətin koordinasiyası, vahid internet resurslarının yaradılması istiqamətində tədbirlərin həyata keçirilməsinə ciddi ehtiyac var.
    Ə.Həsənov qeyd edib ki, Azərbaycan Respublikası dünyada İslam həmrəyliyinin gücləndirilməsi, müsəlman ölkələri arasında əməkdaşlığın və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi işinə həmişə öz töhfəsini vermiş və verəcək: Hesab edirik ki, 2017-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulan lV İslam Həmrəyliyi Oyunları da ümumi mənafelərimizə xidmət edəcək. Artıq Azərbaycan mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə böyük təcrübə qazanmışdır. Çalışacağıq ki, lV İslam Həmrəyliyi Oyunları həm də bütün İslam dünyasının zəngin potensialının, müsəlman ölkələri arasında dostluq və həmrəyliyin təcəssümü kimi bütün dünyanın diqqətini özünə cəlb etsin. İnanırıq ki, bu, bütün müsəlman ölkələrinin media nümayəndələri üçün də əlverişli fürsət olacaq.
    Bu amili, habelə müsəlman ölkələri arasında informasiya mübadiləsinin səviyyəsinin yüksəldilməsi, İslam həmrəyliyinə kənar və neqativ xarakterli təsirlərin aradan qaldırılması, İslam dininin, müsəlman dünyasının yüksək mənəvi dəyərlərinin daha effektli təbliği və digər məsələlərin uğurla həllini təmin etmək üçün yeni yaradılmış İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyası dəstəklənməli, onun məqsədyönlü fəaliyyətinə hərtərəfli yardım göstərilməlidir. Bu gün İƏT-ə üzv ölkələrin səfirlərinin, jurnalistlərinin konfransda iştirakını bu təşəbbüsə dəstəyin ifadəsi kimi başa düşmək olar. Bir daha ümid edirik ki, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin informasiya nazirlərinin növbəti toplantısında bu təşəbbüs fəal müzakirə olunacaq və jurnalist assosiasiyasının səmərəli fəaliyyətinin təşkili ilə bağlı müvafiq qərarlar qəbul ediləcək.
    Prezidentin köməkçisi xatrıladıb ki, İƏT-ə Üzv Dövlətlərin Jurnalistlər Assosasiyasının yaradılması təşəbbüsünü ilk dəfə Azərbaycan dövləti irəli sürüb 
    Ə.Həsənov qeyd edib ki, İƏT-in Tehran toplantısında çıxış edərək bu təklif irəli sürüb : Təklif irəli sürdüm ki, Azərbaycan dövləti bu təşkilatın yaranması ilə bağlı bütün məsələləri öz üzərinə götürməyə hazırdır, biz təşkilatın gələcək katibliyinin Bakıda yerləşdirilməsinə də  hazırıq.
    Ə.Həsənovun sözlərinə görə, İslam ölkələri arasında jurnalistlərin birliyi, həmrəyliyi çox aktualdır: Bu günki konfransdan sonra konfransın niyyət protokolunu, konfrans iştirakçıları adından müraciəti İƏT-in katibliyinə göndərəcəyik, islam ölkələrinin mətbuat və informasiya nazirlərinə ünvanlayacağıq. Düşünürük ki, 2017-ci ildə Bakıda bu Assosasiyanın ilk təsis konfransını keçirək və onun katibliyini yaradaq.
    Sudanın Azərbaycandakı səfiri Mohamed Elias Mohamed Al-Had çıxışında deyib ki, media bu gün prioritet sahələrdən birinə çevrilib. İslam mediası isə dinimizin dəyərlərini möhkəmləndirməyə xidmət etməlidir. Mədəniyyətin, ənənələrin yayılmasında medianın rolu əvəzsizdir. İslam dini sülh, tolerantlıq dinidir. İslam mediası da bu meyillərin yayılmasına xidmət etməlidir. Həmçinin media İslamla, şəriətlə bağlı məlumatlar yayarkən diqqətli olmalıdır. Ümumiyyətlə, KİV sahəsində çevik siyasət xüsusi önəm kəsb edir.
    Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Musaid bin İbrahim Al Sukaim qeyd edib ki, hazırda kommunikasiya və informasiya texnologiyalarının sürətli inkişafı, habelə dünyada baş verən siyasi, ictimai dəyişikliklər mediadan daha mütəşəkkil fəaliyyət tələb edir. İslam mediasi ölkələrimizdə baş verən hadisələrin düzgün, peşəkar şəkildə dünyaya çatdırılmasında fəal iştirak edə bilər. Medianın hər zaman güclü ictimai təsirə malik olduğunu deyən səfir qeyd edib ki, KİV ictimai rəyi istiqamətləndirən ən əsas vasitədir. Bu vasitədən İslam həmrəyliyinin dəstəklənməsində istifadə etmək vacibdir.
    İranın Azərbaycandakı səfirinin müavini Davud Çərmi bildirib ki, bu assosiasiya İslam ölkələri arasında informasiyasının düzgün yayılmasına, müsəlman aləmində sülhün və təhlükəsizliyin bərqərar olmasına imkan yaradacaq. O qeyd edib ki, İran İslam ölkələri arasında bu innovativ təsisatın yaradılmasını dəstəkləyir. Bu assosiasiya İslam ölkələri arasında məlumat mübadiləsinin aydın və düzgün qaydada aparılmasına şərait yaradacaq. Bu, həmçinin islamofobiya meyillərinin aradan qaldırılmasına xidmət edəcək.
    Türkiyənin Azərbaycandakı müvəqqəti işlər vəkili xanım Meral Barlas diqqətə çatdırıb ki, texnologiyanın sürətli inkişafı düzgün və dəqiq informasiyanın yayılmasının önəmini daha da artırıb. Bu baxımdan jurnalistika sahəsinin əhəmiyyəti olduqca artıb. Çox mənbələrdən gələn xəbərlərin dəqiqləşdirilərək, doğruluğu araşdırılaraq yayımlanması vacibdir. Jurnalistikanın etik davranış kodeksləri də buna əsaslanır.
    İndoneziyanın ölkəmizdəki səfiri Hüsnan bəy Fanani bildirib ki, bu gün KİV-lərin əlində böyük güc mövcuddur. Ona görə də KİV hər zaman dördüncü hakimiyyət adlandırılır. Bu gün KİV həm də dövlətlər arasında körpü qurmaq işində mühüm rola malikdir. KİV geniş ictimaiyyətin fikrini hökumətə çatdırmaq rolunu da oynayır. KİV demokratiyanın onurğa sütunudur. Son illər isə multikulturalizmə və demokratiyaya böyük maraq mövcuddur. Müasir cəmiyyətlərdə bunlar nəzərə alınmalıdır.
    İraqın Azərbaycandakı müvəqqəti işlər vəkili Fazil əş-Şuveyli qeyd edib ki, Azərbaycan tolerantlıq ənənələrinin təbliğində böyük işlər görür. İslam mediasının üzərinə düşən əsas vəzifə ondan ibarətdir ki, İslam dininə qarşı mövcud olan mənfi meyillərlə mübarizə aparsın. Media, həmçinin cəmiyyətlər arasında körpünün qurulmasında, əlaqələrin inkişafında önəmli rola malidir.
    Sonra Fazil Abbasovun İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının yaranma zərurəti, məqsədi və vəzifələri ilə bağlı məruzəsi dinlənilib. O qeyd edib ki, regional, dini baxımdan bir çox jurnalist təşkilatları, birlikləri yaradılıb. Bu təşkilatlar əsasən onların öz maraqlarını ifadə edir. Bununla da jurnalist peşəkarlığı, doğru, dəqiq xəbər yayılması ilə bağlı hüquqlar pozulur. Bundan ən çox zərər çəkənlərin isə İslam ölkələrinin olduğunu desək səhv etmərik. İslam ölkələrinə yönələn bu siyasətə qarşı fəaliyyət göstərən, haqq səsini ucaldan media qurumu isə yox dərəcəsindədir.
    İordaniyalı jurnalist Omar Armuti belə bir assosiasiyanın yaradılmasından məmnunluğunu bildirib. Diqqətə çatdırıb ki, bu qurum vasitəsilə İslam ölkələri arasında müxtəlif məsələlərlə bağlı informasiya mübadiləsi üçün imkanlar yaranacaq.
    AZƏRTAC-ın baş direktoru Aslan Aslanov tədbirdə çıxış edərək deyib ki, İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının niyyət konfransının keçirilməsi təşəbbüsü həqiqətən təqdirəlayiqdir. Baş direktor əminliyini bildirib ki, bu sahədə görüləcək işlər müsəlman dünyası üçün çox xeyirli və faydalı olacaq.
    Qeyd edilib ki, yeni Assosiasiya İslam ölkələrinin peşəkar jurnalistlərini, aparıcı xəbər agentliklərini, beynəlxalq və regional media təşkilatlarını bir araya toplayaraq həqiqəti əks etdirən informasiya mübadiləsi aparmağa, qloballaşan dünyada İslam aləminin üzləşdiyi yeni təhdidlərə qarşı mübarizədə birlik və həmrəyliyə nail olmağın yollarını tapmağa imkan verəcək nüfuzlu platformaya çevriləcək.
    Diqqətə çatdırılıb ki, İslam ölkələri jurnalistlərinin birliyi və həmrəyliyi indi həmişəkindən daha aktual və vacibdir. Çünki son illərdə dünyanın bir çox yerlərində, xüsusilə də İslam ölkələrinin bir çoxunda siyasi-iqtisadi təbəddülatlar, terror hücumları, hərbi toqquşmalar baş verir. Yaxın Şərqdə böyük qaçqın kütləsi yaranıb. Həll olunmamış problemlər, münaqişələr təkcə həmin ölkələr üçün deyil, həm də bütövlükdə region üçün ciddi təhlükə törətməkdədir.
    Yeni Azərbaycan qəzetinin baş redaktoru Hikmət Məmmədov bildirib ki, Azərbaycanın belə təşəbbüslə çıxış etməsi onda fəxr hissi yaradır. O qeyd edib ki, Qərbdə də, İslam dünyasında da çox yaxşı bilirlər ki, islamofobiya yoxdur: İslam olsa-olsa rəqabət və fərqlilik platforması olub. Təəssüf ki, bu gün İslam dini bir silaha çevrilib. Bu da təsadüfi baş verməyib. Jurnalistlərin üzərinə çox böyük vəzifələr düşür. Onlar yeni dövrün səlib yürüşünə qarşı yeni bir intellektual sipər yaratmaq gücünə malikdirlər.
    Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli Qərb təşkilatlarının statistik nəticələrindən bəhs edib. O bildirib ki, dünyada baş verən terror hadisələrinin əsas hissəsi qeyri-müsəlman dinlərinə mənsub şəxslər tərəfindən həyata keçirilsə də transmilli media təəssüf ki, məsələyə öz maraqlarından yanaşma nümayiş etdirir: Qərb mediası baş vermiş hadisələrdə İslam dinini günahlandırır. Müsəlmanlara qarşı ümumi bir kampaniya aparılır. İnformasiya qıtlığına görə Qərbdə olan müstəqil media qurumları da həmin təşkilatların təsirinə düşür. 
    M.Ələsgərli  deyib ki, bu mənada belə bir assosiasiyanın yaradılması olduqca vacibdir və lazımlıdır: Belə halda dünya mediası istənilən vaxt ədalətli mənbələrdən yararlana bilər.
    Bakıda, bütün İslam dünyasının media nümayəndələrinin iştirak etdiyi bir konfransa qatılmaqdan şad olduğunu deyən Əl-Cəzirə qəzetinin baş redaktoru Xalid-Əl Malik bildirib ki, bu konfransda jurnalistlərin rolu barədə danışılır, prezidentin köməkçisi Əli Həsənov, İslam Təşkilatına üzv dövlətlərin səfirləri iştirak edir və niyyətləri xoşdur. O, deyib  ki,  bizim dövlətlər təhdidlərə qarşı yeni strategiyanın qurulmasında irəli addımlar atıb: Bu təşkilat İslam ölkələri arasında əməkdaşlığın, dialoqun yaranmasına yönəldilib. İslamofobiya bizim üzləşdiyimiz təhlükədir, bəzi İslam dövlətlərinin oynadığı ikili oyundur. Bu təşkilat qeyri-islam dövlətləri tərəfindən də qəbul olunmalıdır ki, daha çox həqiqi informasiyaya əsaslansınlar.  
    X.Malik bildirib ki, İslam dini bu gün bir neçə özünə müsəlman deyənin törətdiyi terror əməllərinin qurbanı olub: Şər qüvvələr bu məlumatları çox geniş yayır, onları günahsız qeyri-müsəlmanları öldürtməkdə ittiham edir. İŞİD terror təşkilatının əmələrini İslama şamil edirlər. Bu konfransın Həcc ziyarətindən sonra keçirilməsi də gözəl haldır. İslam dialoq dinidir, İslam risaləsi dünyəvi risalədir. 
    O vurğulayıb ki, islam dini insanları dünyəvi əməkdaşlığa çağırır: İslam alimləri bu məsələdə birləşmişlər, jurnalistlər də birləşməlidirlər. Hesab edirəm ki, media azad olmalıdır, bitərəf olmalıdır. Yenicə təsis olunan bu cəmiyyətdən gözlədiklərimiz var, İslam dəyərlərini bütün dünyaya yaysınlar. İslomofobiya tarixi islama qarşı ikrah hissinə əsaslanır. 
    Baş redaktor əlavə edib  ki, İslamı bir etiqad yox, siyasi bir qüvvə hesab edirlər: Londondakı bir konfransda hər bir müsəlmanın terrorçu olması fikrini müdafiə edirdilər. Biz bu iddialara qarşı çıxmalıyıq. İslamın çox gözəl dəyərləri vardır. Başqalarına da biz bu dəyərlər vasitəsilə təsir edə bilərik. Qərb bizimlə daha düzgün mövqedən çıxış etməlidir. Qərbdə də çevik səslər var və onlar da tolerantlığa çağırır. İslam Dövlətləri Təşkilatının jurnalistləri cəmiyyəti terrora qarşı mübarizə aparmalıdır, islomofobiya aradan qaldırılmalıdır. İslamın xeyri naminə konfransın işinə uğurlar arzu edirəm.
    Konfransda çıxış edən APA-Holdinqin prezidenti Vüsalə Mahirqızı bildirib ki, hər bir ölkənin yerli media orqanları onun cəmiyyəti üçün əsas informasiya vasitəsidir. O vurğulayıb ki, bizim bir-birimizlə əməkdaşlıq eləməyimiz spekulyasiyanın qarşısını ala bilər. V.Mahirqızı bildirib ki, təqdim olunan sayt vasitəsilə (İƏT saytı) artıq bizə göstərdilər ki, başqa ölkələrin media qurumları bu informasiya resurslarına bütün informasiyaları yerləşdirə bilərlər: Bu, həmin dövlətin mənafeyinə uyğundur. Bu Assosiasiya vasitəsilə qarşılıqlı səfərlər, İslam təşkilatına üzv ölkələrin cəmiyyətləri və xalqlarının tanınması üçün jurnalistlərin qarşılıqlı işləməsinə ehtiyac var. V.Mahirqızı həmçinin bu məsələdə qarşılıqlı biznes maraqlarının olduğunu da deyib: Bu gün Azərbaycanın Ərəb ölkələri üçün və əksinə, bizim ölkələrimizin tarixi turizm potensialı var. Çalışmaq lazımdır ki, investisiya imkanları genişlənsin. Mən hesab edirəm ki, bu assosiasiyanın yaradılması bizim ümumi mənafeyimizə xidmət edir. Biz də media qurumu olaraq bu çağırışa cavab veririk.
    Qeyd edək ki, sonda konfrans iştirakçıları bəyanat yayıb. Bəyanatda deyilir ki, İslam dini mütərəqqi ümumbəşəri dəyərlər sisteminin, ümumdünya mədəni irsinin və humanizm ideallarının formalaşması və inkişafında mühüm rol oynamışdır: Çoxəsrlik zəngin ənənələrə malik müsəlman ölkələri bu gün də sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun güclənməsinə, beynəlxalq aləmdə siyasi, iqtisadi mədəni prosseslərin qarşılıqlı əməkdaşlıq şəraitində inkişafına dəyərli töhfələr verir. Bu mənada 57 müsəlman ölkəsini birləşdirən İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətlər arasında qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsi, müasir beynəlxalq münasibətlərin inkişafı, dünyada sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi işində fəal iştirakı xüsusi qeyd edilməlidir. 
    Bildirilib ki, hazırda bir çox müsəlman ölkəsində təhlükəsizliyi təhdid edən neqativ prosseslər, hətta sabitliyin pozulması, milyonlarla insanın həyatına təhlükə yaradan, qaçqın və köçkünə çevrilməsinə səbəb olan vətəndaş qarşıdurmaları, qanlı münaqişələr, habelə sülh və əminamanlığı təcəssüm etdirən İslam dini haqqında yanlış rəy formalaşdırmaq cəhdləri biz jurnalistləri narahat etməyə bilməz: Təəsüflə qeyd edirik ki, qərbin islamofob dairələri onların idarə etdiyi transmilli KİV -lər və təşkilatlar müsəlman dünyasında baş verən hadisələri, prossesləri birtərəfli və əsasən qərəzli formada təqdim edirlər. Elə bu səbəbdəndir ki, beynəlxalq ictimaiyyətdə müsəlman ölkələri və İslam dini haqqında yanlış təsəvvür yaranır. Beləliklə İslam terrorla eyniləşdirilir, hər bir müsəlman isə potensial terrorçu obrazında təqdim olunur.
    Vurğulanıb ki, yaranmış vəziyyət ümumi mənafe naminə müsəlman ölkələri arasında olan fikir ayrılıqlarının aradan qaldırılmasını, vahid mövqeyin formalaşdırılmasını tələb etdiyi kimi, həm də informasiya sahəsində qarşılıqlı əlaqələrin gücləndirilməsini zərurətə çevirmişdir. 
    Konfrans iştirakçıları yaydığı bəyanatda bildiriblər ki, 2012-ci ildə Qabonun paytaxtı Libervill şəhərində İƏT-ə üzv ölkələrin informasiya nazirlərinin 9-cu toplantısında informasiya sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə ciddi qərarlar qəbul edilmişdir: 2014-cü il dekabrın 3-də İran  İslam Respublikasının paytaxtı Tehran şəhərində keçirilən növbəti toplantıda isə İƏT-ə üzv ölkələrin jurnalistləri assosiasiyasının yaradılması ilə bağlı təkliflər səsləndirilmiş və iştirakçılar tərəfindən müsbət qarşılanmışdır.  Hesab edirik ki, İƏT-ə üzv ölkələrin jurnalistlərini birləşdirən təşkilatın yaradılması İslam dəyərlərinin qorunması və təbliği müsəlman xalqları arasında qarşılıqlı əlaqələrinin, həmrəyliyin inkişaf etdirilməsi, Qərbin islamofob dairələri tərəfindən İslam dininə qarşı aparılan kampaniyanın qarşısının alınması, İslam coğrafiyasında bölücülük fəaliyyətinin ifşa olunması işinə böyük töhfə verə bilər.
    Sonda qeyd edilib: Biz 2016-cı il oktyabrın 3-də Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirilən konfransının iştirakçıları İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Jurnalist Asssosiasiyasının yaradılmasını dəstəklədiyimizi bəyan edirik.  Müasir dövrdə çevik informasiya fəaliyyətinin qurulmasında vahid koordinasiya mərkəzinin əhəmiyyətini və müsəlman ölkəri arasında informasiya mübadilsənin gücləndirilməsi zərurətini nəzərə alaraq, bu məsələnin İƏT-ə üzv ölkələrin informasiya nazirlərinin 11-ci toplantısının müzakirəsinə çıxarılmasını İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Jurnalist Assosiasiyasının hərtərəfli dəstəkləməsini, habelə 2017-ci ildə Bakı şəhərində İƏT-ə üzv dövlətlərin jurnalistlərinin iştirakı ilə yeni yaranmış qurumun I konfransının təşkili üçün İslam Əməkdaşlıq Təşkilatının sabitliyində müvafiq tədbirlərin görülməsini xahiş edirik.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    +  -  Çap 
    Yerləşdirilib: 13.11.16 | Baxılıb: 703

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2017
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Dek.2017
    .......
        123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031